SAMBONUN TARİXİ

Jan 13, 2020 - 00:23
May 8, 2023 - 15:40
 0  663
SAMBONUN TARİXİ

Sambo güləşi keçmiş Sovet İttifaqında meydana gəlmiş, hazırda dünyada geniş yayılmış təkmübarizlik idman növüdür. Sambo sözünün hərfi mənası üç rus sözünün baş hərflərinin birləşməsindən əmələ gələrək (samozaşita bez orujiya) "Silahsız Özünümüdafiə" deməkdir. 

Güləşin bu növü XX əsrin 20-ci illərinin əvəllərində Moskvanın “Dinamo” cəmiyyətində, bir qədər sonra Vladivostokda, daha sonra 1931-ci ildən Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunda və eyni zamanda Ordu İdman Klublarında tətbiq olunmağa başlamışdır. 

"Dinamo" cəmiyyətində bu sahədə ən fəal iş aparan Viktor Afanasiyeviç Spiridonov olmuşdur. Lakin ən səmərəli təşkilatı fəaliyyət Vasiliy Sergeyeviç Oşepkova məxsusdur. Spiridonov-Oşepkov sisteminin Anatoliy Arkadyeviç Xarlampiyev tərəfindən daha da təkmilləşdirilməsi nəticəsində yeni idman növünün - sambonun formalaşdırılması təşəkkül tapdı. Sambonun yaranmasının rəsmi tarixi 16 noyabr 1938-ci il hesab olunur. Məhz həmin tarxidə Ümumitiffaq Bədən Tərbiyəsi və İdman Komitəsinin əmri ilə sambo öz çoxobrazlılığına, texnikasına və müdafiə əhəmiyyətinə görə fövqaladə dəyərli idman növü hesab edildi.

 

Sambo güləşi üzrə yığma komandanın Rəsmi Beynəlxalq Yarışlara məqsədyönlü hazırlığında, qazanılan uğurlarda əməkdar məşqçi ümumittifaq dərərəcəli hakim Sabir Hüseynovun (1967-1992-ci illərdə yığma komandanın baş məşqçisi olub).

SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyevin (1993-2003-cü illərdə yığma komandanın baş məşqçisi olmuş), əməkdar məşqçi, beynəlxalq ekstra dərəcəli hakim Mübariz İbrahimovun (2004-cü ildən yığma komandanın baş məşqçisi olmuşdur) böyük əməyi vardır.

Azərbaycan Milli güləşindən qıçı və qıçları tutaraq atmalar, dəyirman fəndləri sambonun texniki arsenalına daxil edilmiş və bu fəndlər yarışlarda populyarlığı ilə daha çox diqqəti cəlb edir. Samboda eyni zamanda Yunan-Roma və Sərbəst güləşdə, İsveç Qurşaq tutmasında, Lankişir və Kemberlend üsullu ingilis güləşində, Yapon Cui-Citsisu, Karate, Aykido, Cüdo, Kendo idman növlərində tətbiq edilən ən gözəl fəndləri sintez olunmuşdur.

Sambo üzrə 1938-ci ilin noyabr ayında “Beş Şəhərin Matçı” adı ilə tarixə düşümüş ilk rəsmi yarış da məhz Bakı şəhərində keçirilmişdir. 1939-cu ilin noyabrında sambo güləşi üzrə İlk SSRİ Çempionatı keçirilmişdir. 1957-ci ildə sambo Beynəlxalq arenaya daxil olur. Həmin ildən etibarən bir sıra beynəlxalq səviyyəli yarışlar keçirilməyə, sambo Beynəlxalq idman təşkilatlarının diqqətini özünə cəlb etməyə başlayır. 1966-cı ilin iyun ayında Beynəlxalq Həvəskar Güləş Federasiyasının (FİLA) ABŞ-ın Tolido şəhərində keçirilən konqresində sambo Beynəlxalq idman növü kimi rəsmən tanındı. 1967-ci ildə Riqa şəhərində ilk rəsmi Beynəlxalq Sambo Turniri, 1972-ci ilin noyabrında Riqada ilk açıq Avropa Çempionatı, 1973-cü ilin noyabrında isə Tehranda ilk Dünya Çempionatı keçirildi. 

Sambo güləşi üzrə ilk Dünya Kuboku 1977-ci ilin dekabr ayında İspaniyanın Ovedo şəhərində keçirilmişdir. Sambo güləşi üzrə Qadınlar arasında İlk Dünya Çempionatı 1983-cü ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində keçirilmişdir. 1984-cü ildə Sambo FİLA-nın tərkibindən çıxır. 1985-ci ildə İspaniyanın Bilbao şəhərində keçirilən növbəti konqresdə Beynəlxalq Həvəskar Sambo Federasiyası (FİAS) yaradılmış və onun ilk Prezidenti İspaniyalı Fernando Konte seçilmişdir. 1991-ci ildə İtaliyanın Torino şəhərində Avropa Sambo Federasiyası (FES) yaradılmış və onunun ilk Prezidenti Mario loy seçilmişdir. 1992-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində Qadınlar arasında İlk Avropa Çempionatı keçirilmişdir.  

Artıq 2008-ci ildə Beynəlxalq Həvəskar Sambo Federasiyası (FİAS) özündə 62 Milli federasiyanı birləşdirirdi. Avropa, Asiya, Afrika, Amerika Sambo Federasiyaları yaradılmış və həmin qitələrdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədyönlü fəaliyyət göstərirlər.

Azərbaycanda sambo güləşinin inkişaf tarixi

 Azərbaycanda sambonun təşəkkül tapması XX əsrin 30-cu illərinin axırlarına təsadüf edir və onun Respublikada inkişafı əməkdar məşqçi ümumittifaq dərəcəli hakim, mərhum İsmayıl Əhmədovun adı ilə bağlıdır.

İsmayıl müəllimin yetirmələrindən Fərhad Həyatzadə, İdris Bağırov, Zakir Nəsirov, Sabir Hüseynov o dövrün adlı-sanlı pəhləvanlarından olmuşlar. 1954-cü ilin martında Y.M Çumakovun rəhbərliyi ilə Bakıda xüsusi hazırlıq seminarından sonra, mart ayının 25-28-i arası ilk Azərbaycan Şempionatı keçirilmişdir. Sabir Hüseynov, Alkivarid Pavlidi, Muxtar Dadaşov, İslam Hümbətov İlk Azərbaycan Çempionu adına layiq görülmüşlər.

1954-cü ilin aprel ayının 3-8-də Xarkov şəhərində keçirilən SSRİ Çempionatında Sabir Hüseynov və Alkivarid Pavlidi də iştirak etmişdir. Sabir Hüseynov 60 kq çəki dərəcəsində fəxri kürsün II pilləsinə yüksələrək gümüş mükafata layiq görülmüşdür. Azərbaycan güləşinin inkişafında böyük xidmətləri olan, dörd növ üzrə (yunan-roma, sərbəst, milli güləş və sambo) idman ustası Sabir Hüseynovun bu nailiyyəti Respublikasmız üçün ən yüksək nəticə idi.

1959-cu ildən rəsmi olaraq Azərbaycan Çempionatı ardıcıl keçirilir. Yeniyetmələr arasında ilk qızıl medalı 1966-cı ildə Leninqrad şəhərində keçirilmiş SSRİ Birinciliyindən 52 kq çəki dərəcəsində güləşən Kamal Qasımov gətirmişdir.

Gənclər arasında SSRİ Birinciliyindən ilk qızıl medalı, 1979-cu ildə Sumqayıt sambo məktəbinin yetirməsi, 57 kq çəki dərəcəsində güləşən Fərhad Ağayev qazanmışdır. 

Yeniyetmələr arasında 1982-ci ildə Fransada keçirilən Dünya Birinciliyindən İlk qızıl medala Sumqayıt sambo məktəbinin yetirməsi, 52 kq çəki dərəcəsində güləşən Faiq Ağayev layiq görülmüşdür. 

Ağdam sambo məktəbinin yetirməsi Ceyhun Məmmədov 1987-ci ildə 

Gənclər arasında İlk Dünya Birinciliyinin qalibi, 1988-ci ildə SSRİ və Dünya Çempionu, 1989-cu ildə SSRİ və Dünya Kubokunun sahibi, 1990-cı ildə Avropa Çempionu olmuşdur. Əməkdar idman ustası Ceyhun Məmmədov 

7 qat Dünya, 6 qat Avropa Çempionu, Dünya Kubokunun qalibi kimi yüksək idman nəticələri göstərməklə, Dünya Rekordçusu olmuş, analoqu olmayan, "XX ƏSRİN SAMBO ULDUZU” kimi tarixdə iz qoymuşdur. 

Qadınlar arasında 5 qat dünya, 3 qat Avropa, 2 qat SSRİ çempionu olmuş, əməkdar İdman ustası Zülfiyyə Hüseynova Azərbaycan sambosunu Dünya miqyasında layiqincə təmsil etmişdir. 

Dəvəçi səhərinin samboçusu Beynəlxalq dərəcəli idman ustası Müşviq Cəfərov da 1991-ci ildə SSRİ Xalqlarının X Spartakiadasının çempionu olmuş, SSRİ, Avropa, Dünya Çempionatlarında yüksək nətricələr göstərmişdir. 

1984-cü ildə Azərbaycanda ilk dəfə olaraq Ağdamda ixtisaslaşdırılmış sambo məktəbi açılmış və Fərhad Ocaqverdiyev həmin məktəbə direktor təyin edilmişdir. 

 Bu günə qədər həmin məktəbin 30-dan çox yetirməsi idman ustası, 4 samboçu – İntiqam Əzizov, Bəxtiyar Hacıyev, Vüqar Məmmədov və Sehriman Ağayev Beynəlxalq Dərəcəli İdman ustası, Ceyhun Məmmədov isə “Əməkdar İdman Ustası” adına layiq görülmüşlər.

Azərbaycanın sambo tarixində Bakı, Sumqayıt, Gəncə, Ağdam, Dəvəçi, Siyəzən, Mingəçevir sambo məktəbləri xüsusi yer tutur. Azərbaycanda sambo güləşinin inkişafında müstəsna xidmətləri olan veteran samboçulardan İsmayıl Əhmədovun, Sabir Hüseynovun, Rauf Şəfiyevin, Akif İsmayılovun, Arif Ələkbərovun, Əbülfəz Əliyevin, Mirağa Qiyasovun, Şahlar Mustafayevin, Firdovsi Tağıyevin, Əhməddin Rəcəblinin, Givi Camiaşvilinin, Əkbər Əliyevin, Telman Bayramovun, Ramil Mahmudovun, Ziyabil Abbasovun, Vitali Apuşkinin (Hacı Məhəmmədin) və gənc məşqçilərdən: Mübariz İbrahimovun, Cabir İsmayılovun, Əli Hacıyevin, Arzu İsmayılovun, Yaqub Abdullayevin, Rüfət İsmayılovun, Ceyhun Bayramovun, Adil Həsənovun, Sultan Ağagülovun, Vahid Tarverdiyevin və başqalarının adlarını iftixarla çəkmək olar.